Şirkət təsis etmək üçün nə etmək lazımdır?
Hesab edirsinizsə ki, biznesiniz “Whatsapp”la idarə olunmanı, “card-to-card” əməliyyatları ilə ödəniş qəbul etməyi artıq aşır, təbrik edirik, siz artıq korporativləşmənin astanasındasınız. Ola bilsin indiyə qədər fərdi sahibkar kimi fəaliyyət göstərmisiniz və ya hobbinizi böyüdüb biznesə çevirirsiniz, ola bilsin investisiya cəlb etməyə hazırlaşırsınız və ya müştərilərin qarşısında professional imicə sahib olmaq istəyirsiniz. Narahat olmayın, bu məqaləni oxuduqdan sonra siz şirkətinizi məlumatlı bir biznesmen kimi təsis edəcəksiniz.
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)
Azərbaycanda bir qayda olaraq əksər şirkətlər Məhdud Məsuliyyətli Cəmiyyət kimi təsis olunur. Bu təsisçilərə sürətli qeydiyyat, daha az inzibati iş və eyni zamanda təsisçilərin məsuliyyətini şirkətin məsuliyyətindən ayırma imkanı verir. MMC-də sizin riskiniz ona qoyduğunuz pul qədər olacaq, şirkətin fəaliyyəti uğurlu olmasa, siz öz mal varlığınızla məsuliyyət daşımırsınız.

Qeydiyyat
Əksəriyyəti MMC təsis etməyin mürəkkəb, uzun bir prosedur olacağını düşünür. Əslində, zəruri hazırlıqları görəndən sonra Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı bir gün ərzində başa çata bilən bir prosesdir. Çətinlik prosesin özündə deyil, əvvəlcədən düşünülməli olan — payları necə bölmək, kimi direktor təyin etmək kimi — qərarlardadır.
Qeydiyyat prosedurunun formal mərhələsi üçün aşağıdakı suallara cavab verməyə hazır olmalısınız: • Şirkətin adı nə olacaq? • Ünvanı haradır? • Təsisçi(lər) kimdir, pay bölgüsü necədir? • Direktor kim olacaq — təsisçinin özü, yoxsa təyin olunmuş idarəedici? • Şirkətin əsas fəaliyyəti nə olacaq?
Ad seçimi: sadə görünən, amma vacib məsələ
Şirkət adı sizin brendinizin bir hissəsi olmaqla yanaşı, hüquqi identifikasiyanızdır. Bu ad bütün sənədləşmələrdə — müqavilələrdə, reyestrdə, qaimələrdə, saytınızda, məktublarınızda — sizi təmsil edəcək. Əgər göstərişli bir brend adı altında fəaliyyət göstərmək niyyətindəsinizsə, rəsmi adı daha sadə saxlayıb, ictimaiyyətlə ünsiyyət üçün isə ayrıca brend adı formalaşdıra bilərsiniz.
Ad seçərkən bir neçə qaydaya diqqət etmək lazımdır ki, artıq mövcud olan başqa bir hüquqi şəxsin adı ilə eyni və ya çaşdırıcı dərəcədə oxşar olmasın.
Praktiki məsləhət: adı qeydiyyat üçün qeyd etməzdən əvvəl, rəsmi reyestrdə oxşar adların olub-olmadığını yoxlamaq faydalıdır.
Şirkətin ünvanı
Hər MMC-nin rəsmi hüquqi ünvanı olmalıdır — bu, rəsmi məktubların göndəriləcəyi və dövlət reyestrində əks olunan ünvandır. Bir çox kiçik sahibkar bu addımı formallıq kimi görür, amma ünvana göndərilən rəsmi bildirişlər (vergi orqanlarından, məhkəmədən və s.) real hüquqi əhəmiyyət daşıyır və onların itməsini istəməzsiniz.
Ev ünvanınızı qeyd etmək isə şəxsi həyatınızın məxfiliyi üçün təhlükədir, çünki ünvan ictimaiyyətə açıq reyestrdə görünəcək.
Əgər qeyd edə biləcəyiniz ünvan yoxdursa, hüquq və ya mühasibatlıq xidməti aldığınız şirkətin ünvanından istifadə kimi alternativlər məqsədəuyğun ola bilər.
Direktor və təsisçi
Direktor və təsisçini bir-birindən ayırmalıyıq. Təsisçi (payçı) şirkətin mülkiyyətçisidir. Direktor isə onu idarə edən şəxsdir. Kiçik MMC-lərdə, adətən, hər ikisi eyni şəxs olur. Amma hüquqi baxımdan bu iki rol fərqli öhdəliklər daşıyır: direktorun imza səlahiyyəti, məsuliyyəti və hesabatlılıq öhdəlikləri var, təsisçinin isə mülkiyyət hüququ və qərarvermə səlahiyyəti var.
Əgər şirkəti şərikli təsis edirsinizsə, bu ayrım xüsusilə vacibdir. Aydınlaşdırılmaq lazımdır ki, kim faktiki idarəetmədə iştirak edəcək, kim yalnız pay sahibi olaraq qalacaq. Həmçinin payları 50-50-yə bölməkdən də çəkinmək lazımdır. Əks halda gələcəkdə fikirlərdə ziddiyyət yarandıqda (əmin olun ki, bu olur) şirkət daxilində qərarların verilməsində çıxılmaz vəziyyət yarana bilər.
Faktiki benefisiar sahib barədə məlumat
Şəffaflıq tələblərinə uyğun olaraq, MMC-lərdən qeydiyyat zamanı faktiki benefisiar sahib (şirkətə sənəd üzərində deyil, həqiqətən sahiblik edən və ya onu idarə edən fiziki şəxs) barədə məlumat tələb oluna bilər. Tək təsisçili, yəni şəriklərin olmadığı sadə strukturda bu, adətən təsisçinin özüdür. Mürəkkəb pay strukturu, xarici şirkət təsisçi və ya çoxpilləli mülkiyyət zənciri olan hallarda isə bu məsələ diqqətlə araşdırılmalıdır.
Nizamnamə: şirkətin “daxili qanunu”
Nizamnamə şirkətin necə idarə olunacağını, qərarların necə qəbul ediləcəyini, iclasların necə keçirildiyini, rəhbərliyin necə təyin olunduğunu müəyyən edən əsas sənəddir. Sadə struktura malik, tək təsisçili şirkətlər üçün standart formalı nizamnamə adətən kifayət edir.
Bir neçə təsisçi, gələcək investisiya planı və ya mürəkkəb pay strukturu olan hallarda isə fərdi hazırlanmış nizamnamə, bəzən əlavə olaraq təsisçilər arasında bağlanan razılaşmanın olması tövsiyə olunur. Bu sənədlər ictimaiyyətə açıq olmaya bilər, lakin mübahisə yarandığı halda əsas istinad nöqtəsinə çevrilirlər.
Qeydiyyatın: elektron proses
Azərbaycanda MMC qeydiyyatı vergi orqanları vasitəsilə, əsasən elektron formada aparılır. Lazımi məlumatlar təqdim edildikdən sonra, proses adətən qısa müddətdə başa çatır. Bununla yanaşı kağız üzərində, notariat təsdiqli sənədlərlə də müraciət mümkündür.
Şirkətin qeydiyyatı təsdiqləndikdən sonra şirkət VÖEN verilir. Bu artıq sizin şirkətin “şəxsiyyət vəsiqəsi”dir.

Qeydiyyatdan sonra: əsl iş indi başlayır
VÖEN alındıqdan sonra iş bitmir — əslinə qalsa iş yalnız indi başlayır. İndi sizi bu addımlar gözləyir: bank hesabının açılması və şəxsi vəsaitlə şirkət vəsaitinin ayrılması, vergi uçotunun qurulması, işçilərin rəsmiləşdirilməsi.
Şirkətin təsis olunmasına yanaşmanız, gələcək biznesinizə yanaşmanızı əks etdirir. Bu yol düzgün məlumatların toplanması, birlikdə işləyəcəyiniz şəxslər barədə qərarlar, məxfilik və əməl olunacaq qaydalar toplusundan ibarətdir. Bu prosedurların düzgün keçilməsi biznesinizin inkişafına və sizin reputasiyanızın qalxmasına zəmin yaradır.


